Azərbaycanda cinsi yolla QİÇŞ-ə yoluxma halları artıb

"Bu ilin 10 ayı ərzində Azərbaycanda 437 nəfərdə İİV aşkarlanıb. Onlardan 431-i Azərbaycan vətəndaşı, 6 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i kişi, 156-sı qadındır".

 

APA TV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respubika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib. O bildirib ki, bahalı da olsa İİV infeksiyasına yoluxan xəstələrin hamısı müalicə olunur. Elə xəstələr olur ki, onlar hansı yolla İİV-ə yoluxduqlarını bilmirlər. Son illər Azərbaycanda bu infeksiyaya cinsi yolla yoluxma halları artıb.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər qeydiyyatdadır. Onlardan 71,4 faizi kişi, 28,6 faizi qadındır. QİÇS mərhələsinə keçən və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində demək olar ki, 45 faizində heteroseksual, 2,5 faizində isə homoseksual əlaqə nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 1 nəfərdə donor qanının köçürülməsi nəticəsində baş verib. 

 
E.Muradovun sözlərinə görə, 2006-cı ildən 4061 İİV-lə yaşayan insan antiretrovirus terapiyaya cəlb olunub. 2015-ci ildən ölkədə nikaha daxil olmaq istəyən şəxslərdən 117 142 nəfəri İİV-ə görə müayinəyə cəlb olunub. 103 nəfərin infeksiyaya yoluxma faktı təsdiqlənib.  

Müəllif | Apa.Tv
Nigar Həsənli