Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri qəbul edib.
APA TV xəbər verir ki, Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq, bu sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür edib. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlət başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq, orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd edib və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu deyib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini deyib. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlət başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.