Qüdrət Həsənquliyev: "Milli Məclis Silahlı Qüvvələrə nəzarət etsin!"
Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
APA TV-nin məlumatına görə, deputat Qüdrət Həsənquliyev təklif edib ki, Milli Məclis də Silahlı Qüvvələrə nəzarət etsin:
“Biz büdcədən Silahlı Qüvvələr üçün vəsait ayırırıq, lakin onların fəaliyyətinə nəzarət etmirik”.
Qüdrət Həsənquliyev zabitlərin əmrinin sözsüz icra edilməsi barədə maddəyə yenidən baxılmasını təklif edib. O qeyd edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı hərbçilər 300-ə yaxın dinc insana atəş açdı və onları öldürdü. Deputat bu kimi halların baş verməməsi üçün qanunvericilikdə lazımi addımın atılmasını təklif edib.
Deputat Vahid Əhmədov təklif edib ki, digər nazirliklərin və dövlət qurumların tabeliyində olan hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. Çünki müstəqillik tariximizdə Silahlı Qüvvələrə tabe olmayan hərbi birləşmələrin dövlət çevrilişlərinə cəhdlərdə və digər bu kimi proseslərdə iştirakının şahidi olmuşuq:
“Təklif edirəm ki, istər müharibə şəraitində, istərsə də dinc şəraitdə həmin hərbi birləşmələr Silahlı Qüvvələrə tabe edilməlidir. Onsuz da biz hazırda müharibə şəraitindəyik. Hesab edirəm k, belə olsa yaxşıdır”.
Müzakirələrdən sonra layihə barədə Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
Yeni qanun layihəsində maddələrin sayı artırılıb. 5 fəsil, 16 maddədən ibarət olan layihədə Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır. Sənəd Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir. Layihədə göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər.
Z.Əsgərov bildirib ki, qanun layihəsinin müzakirə edilməsi üçün deputatlarla yanaşı, müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Daxili Qoşunların Komandan müavini - Şəxsi heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev və digər hərbi vəzifəli şəxslər Milli Məclisə dəvət olunub.
Ziyafət Əsgərov deyib ki, hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci il oktyabr ayının 9-da qəbul edilib:
“Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrin hüquqi statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk Konstitusiya qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvericilik aktları qəbul etmişik”.
Deputat Siyavuş Novruzov deyib ki, qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb:
“Layihədə Silahlı Qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər burada öz əksini tapıb. Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycan Ordusu Cənubu Qafqazın ən güclü ordusuna çevrilib”.
Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsi nəzərdə tutulur. Sənəddə o da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.