Burak Özçivitlə filmə çəkilən azərbaycanlı aktyoru təqdimata çağırmadılar - NİYƏ?
Ötən axşam Bakıda Türkiyə istehsalı olan “Kardeşim benim 2” filminin təqdimat mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, qala gecəsinə ekran işinin əsas qəhrəmanlarından birini canlandıran Burak Özçivit də gəlib.
Filmdə polis obrazını canlandıran azərbaycanlı aktyor Kamran Ağabalayev isə qala gecəsinə dəvət olunmayıb. O, APA TV-yə açıqlamasında bildirib ki, ötən ayın 22-də Türkiyədə baş tutan qala gecəsinə təşkilatçılar onu dəvət etsələr də, iştirak edə bilməyib: “İştirak edə bilmədim. “Tayson” filminin son çəkilişləri idi”.
Ümumiyyətlə, filmin iki aya yaxındır başlanan piar kampaniyasında Kamranın adı bir dəfə də olsun, çəkilməyib: “Mən başa düşürəm, Burak Özçivit, Murat Boz... Bunlar pul gətirən isimlərdir. Aktyor kimi vecimə deyil ki, adımı harasa yazıblar, ya yox. Mən demək olar ki, 10 günümü həsr etmişəm, Çanaqqalada çəkilişlərdə iştirak etmişəm. Filmdə bütün səhnələrim Burak, Murat və digər iki aktyorladır. Onlarsız səhnəm yoxdur. Məhz mənimlə olan səhnədə o anlayır ki, qardaşlıq nədir”.
Kamran özünə qarşı bu hörmətsizliyin səbəbini anlamadığını bildirib: “Heç kimə irad bildirməmişəm. Fikrim də yox idi. Sosial şəbəkələrdə gördüm ki, deyiblər Kamran bəyə dəvətnamə vermişik. Mənə dəvətnamə verməyiblər. Zəng elədilər üzrxahlıq etdilər. Sadəcə, onları dəvət edəndə bizi də dəvət etsinlər. Özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Burak “istərdim Kamran burada olsun” deyəndə mən utandım. Azərbaycanlı kimi sual verirəm - niyə?”
"Niyə?" sualının cavabı isə qarşı tərəfdədir. Yəni "Park Cinema"da. Ötən axşam Kamrana qarşı hörmətsizlik edən "Park Cinema" eyni hörmətsizliyi APA TV-yə də etdi. Kinoteatrlar şəbəkəsi məsələ ilə bağlı açıqlama verəcəyini vəd etsə də, son anda bundan imtina etdi. Və yenə də sual yarandı – niyə?