Almaniya polisi növbəti Milad faciəsinin qarşısını alıb
Almaniyada Milad bazarında növbəti terror cəhdinin qarşısı alınıb. APA TV "Frans Press" agentliyinə istinadən xəbər verir ki, Berlin yaxınlığındakı Potsdam şəhərindəki bazarda təhlükəsizlik əməkdaşları kustar üsulla hazırlanmış partlayıcı qurğunu zərərsizləşdirib.
Partlayıcı qurğunun olması barədə məlumatı alan polis ətrafdakı alıcı və satıcıları ərazidən uzaqlaşdırıb. Sonra həmin partlayıcıya baxış keçirilib. Məlum olub ki, partlayıcının qəlpələri mismarlardan ibarət imiş.
Yerli polis və təhlükəsizlik qüvvələri ərazidə nəzarəti gücləndirib. Qurğunun kim tərəfindən qoyulduğu məlum deyil. Bununla yanaşı, digər Milad bazarlarında başqa belə qurğuların da quraşdırıldığı istisna edilmir.
Qeyd edək ki, ötən il Berlində təşkil olunmuş Milad bazarında bir terroristin yük maşınını insanların üstünə sürməsi nəticəsində 12 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.