ABŞ-Rusiya: Şimali Koreya “köhnə düşmənləri” necə “mehriban dost” edə bilər?

Şimali Koreya növbəti qitələrarası ballistik raket sınağını uğurla həyata keçirib. Bu, Pxenyan dövlət televiziyasının deyil, ABŞ, Yaponiya və Cənubi Koreya hərbçilərinin rəyidir. 950 kilometr məsafədən Yaponiyanın iqtisadi zonasına daxil olan sulardakı şərti hədəfi vuran raket Şimali Koreyanın nüvə problemini yenidən gündəmə gətirə bilib.

 

Son 10 ildə Şimali Koreya 6 nüvə sınağı keçirib, təkcə bu il şərti hədəfləri 20 dəfə qitələrarası ballistik raketlərlə vurub. Hər kəsi düşündürən suallar var - Şimali Koreya doğrudanmı nüvə zərbəsi endirməyə qadir ölkədir, rəsmi Pxenyan doğrudanmı ABŞ və müttəfiqləri ilə müharibəyə hazırdır, yoxsa verilən bəyanatlar və atılan raketlər yalnız “blef” xarakteri daşıyır? Bu sualın cavabı yoxdur, çünki cavab bilinsəydi, Şimali Koreya problemi həll olunmuş olardı.

 

Cavabı bilinməyən başqa bir sual var - bu qədər təzyiqlərə, sanksiyalara rəğmən Şimali Koreya Qərbi qıcıqlandıran raket sınaqlarını niyə dayandırmır? Əvvəlkilərdən fərqli olaraq bu sualın cavabı var - Pxenyanın başqa yolu yoxdur. Kim Çen In rejimi raket sınaqlarını dayandırsa da, problem həll olunmayacaq, ABŞ təzyiqləri dayandırmayacaq. Çünki rejimin mahiyyəti və malik olduğu silah nüvə müharibəsi təhlükəsinin birdəfəlik aradan qalxmasına imkan vermir. Digər tərəfdən Pxenyan ABŞ-la Rusiya arasında qarşıdurma məkanına çevrildiyini anlayır, sınaqları davam etdirməklə “düşmən Amerika” ilə “nisbi dost Rusiya” arasında manevr imkanı qazanır.

 

Niyə nisbi dost? Bu sualın cavabını tapmaq üçün başqa bir suala cavab tapmaq lazımdır - Rusiya Şimali Koreyanın müttəfiqidirmi? Əslində deyil, Pxenyanın region üçün törətdiyi təhlükənin mahiyyətini Moskva da yaxşı anlayır. Sadəcə Şimali Koreya bu gün Suriya, İraq, Qafqaz, Ukrayna kimi ABŞ-la qarşıdurmada Rusiya üçün məkanlardan biridir. ABŞ-ın Şimali Koreyanı hədəfə götürməsi Rusiyaya təkcə Vaşinqtonu ittiham etmək üçün deyil, həm də Çinlə münasibətlərdə ortaq nöqtə tapmaq baxımından maraq kəsb edir. Çin Şimali Koreyanın yeganə müttəfiqidir, Pxenyan rejiminin bu gün ayaqda durması Rusiyanın deyil, Çinin xidmətləridir. Moskva Pxenyanın müdafiəsinə qalxmaqla həm də Pekinlə əl sıxışmış olur.  

 

Məsələnin mahiyyəti bununla bitirmi? Xeyr, çünki Şimali Koreya nüvə başlıqlarını ballistik raketlərlə hədəfə çatdırmaq imkanına yaxınlaşdıqca, Qərb və regiondakı müttəfiqləri kimi Rusiyanın da maraqları zərbə altına düşür. Bir anlığa təsəvvür edək ki, Şimali Koreya, yəni Rusiyanın, Çinin və Cənubi Koreyanın sərhəd qonşusu olan ölkə ABŞ şəhərlərinə nüvə zərbələri endirmək imkanı qazanır. Bu imkan Moskvaya pozitiv heç nə qazandırmır, əksinə sərhədləri yaxınlığında nə edəcəyi bəlli olmayan nüvə dövlətinin peyda olması Kremlin maraqlarını, xüsusilə Cənub-Şərqi Asiya regionundakı maraqlarını zərbə altında qoyur. Bu baxımdan Şimali Koreya problemi ilə bağlı ABŞ-Rusiya qarşıdurmasının ömrü Pxenyanın nüvə sınaqlarında hədəfə nail olacağı ana qədərdir. Yəni, nüvə sınaqları ilə Rusiya və ABŞ-ı qarşı-qarşıya gətirən Şimali Koreya nüvə zərbəsi endirmək imkanı qazanan kimi “köhnə düşmənləri” “mehriban dost” edə bilər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov