Türkiyənin artan fəallığı, diplomatik cəhdlər, səngiməyən gərginlik - QARABAĞ CƏBHƏSİNDƏN
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 4 gün sonra Vyanada növbəti görüşü baş tutacaq. Bu barədə ilk dəfə Bakıda bir araya gələn Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşündən sonra Elmar Məmmədyarov bildirib. Nazir danışıqların məntiqli və substantiv aparılmasının vacibliyini vurğulayıb. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə aparıldığını bildirən Elmar Məmmədyarov bu istiqamətdə danışıqların davam etdiriləcəyini deyib.
Türkiyə və Pakistanın baş diplomatları da Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması istiqamətində səylərini davam etdirəcəklərini qeyd ediblər.
Mövlud Çavuşoğlu Ankarada həmsədrlərlə görüşdüyünü və onları daha aktiv, qərarlarında daha səmimi olmağa dəvət etdiyini, prosesin bu istiqamətdə davam edəcəyi təqdirdə Türkiyənin də onlara dəstək verəcəyini bildirib. O, Rusiya tərəfinin qərarlı olacağı halda ölkəsinin Azərbaycana uyğun bütün həll formullarına müsbət yanaşıldığını diqqətə çatdırıb.
Yeri gəlmişkən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçıları Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 30-da keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinə dəstək ifadə olunub.
Bəyanatda qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, BMT-nin nizamnaməsi, eləcə də tərəflərin güc tətbiqi və qarşılıqlı təhdidlərdən çəkinməli olduğunu nəzərdə tutan Helsinki Yekun aktının, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində həllinə yönələn bütün səyləri dəstəkləyir:
Keçdiyimiz həftə Azərbaycan prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri ilə də yadda qaldı. Tərtərdə "N" saylı hərbi hissədə hərbçilərlə görüşən Ali Baş komandan əsgərlərimizin xidmət və istirahət, cəbhədəki əməliyyat şəraiti ilə tanış oldu.