Həbsxanada ölüm, yollarda can verənlər, namərd qonşu - KRİMİNAL XRONİKA
Yola saldığımız həftə səs-küylü hadisələrlə yadda qalıb. Bakının Qobustan həbsxanasında məhkum intihar edib. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar - İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.
Havaların kəskin soyuması özü ilə yeni problemlər gətirib. Onların sırasında ilk yeri təbii ki, dəm qazından boğulma halları tutur. Bu həftə Salyanda 27 yaşlı iki uşaq anası dəm qazından boğulub. Hadisə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 206 ünvanında baş verib.
1990-cı il təvəllüdlü Günay Yunis qızı Cəbrayılova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Yaxınlarının dediyinə görə, 27 yaşlı Günay Cəbrayılova əvvəlcə hamamda biri 3 yaşlı, digəri isə yaş yarımlıq olan uşaqlarını yuyundurub. Uşaqları yaxınlarına təhvil verdikdən sonra isə özü hamamda yuyunmağa başlayıb. Üstündən bir saat keçəndən sonra qadının doğmaları onu huşsuz vəziyyətdə görüblər. Gənc ananı xəstəxanaya çatdırsalar da, həkimlər onlara artıq gec olduğunu söyləyiblər.
Daha bir analoji hadisə İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub.
Bu həftə ölümlə nəticələnən qəzalarla da yadda qalıb. Həftənin ən dəhşətli qəzası Oğuz-Qəbələ yolunda, Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər gənc oğlan dünyasını dəyişib, 8 nəfər ağır xəsarət alıb.
90 NB 811 dövlət nömrə nişanlı "Toyota RAV 4" markalı minik avtomobili ilə 66 BV 214 dövlət nömrə nişanlı "VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ-2107"nin sürücüsü - Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində dünyasını dəyişib, "Toyota RAV 4"ün sürücüsü - Bakı şəhəri Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, Bakı sakinləri olan sərnişinləri - 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, "VAZ-2107"nin Qəbələ rayon sakinləri olan sərnişinləri - 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev və 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Ölümlə nəticələnən daha bir yol qəzası Gəncədə baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu keçmək istəyən iki piyada hərəkətdə olan "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı piyadalardan biri, 1994-cü il təvəllüdlü Nəcəfov Siyavuş Akif oğlu hadisə yerində ölüb. Digər piyada, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Bakıda, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş verən qəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, avtobusun vurduğu Bahar adlı qadın ruhi-əsəb xəstəsi olub və tez-tez avtomobillərin hərəkət zolağında gəzərək sürücülər üçün təhlükəli vəziyyətlər yaradırmış.
Yola saldığınız həftə də ənənəvi qanlı hadisələrdən xali olmayıb. Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bıçaqlanma olub. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır. E.Qəhrəmanovun sözlərinə görə, tanımadığı şəxslər ona yaxınlaşaraq telefon istəyib. Rədd cavabı aldıqda isə mübahisə yaranıb və nəticədə bıçaqlanıb.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki fərdi evlərin birindən isə oğurluq edilib. Bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Onlar oğurlanan pulu aralarında bölüblər.
Həftənin ən səs-küylü hadisəsi isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat olub. Son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə botoks kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında təxirəsalınmaz istintaq-əməliyyat tədbiri keçirilib. Aparılmış ilkin əməliyyat-axtarış tədbirləri ilə "Hayal Estetika və Məsləhətçilik" və "BİODERM" məhdud məsuliyyətli cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub.
Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi 49 ünvanında yerləşən "SKS Plaza"nın "Hayal Estetika və Məsləhətçilik" MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan mavi qapaqlı 113 ədəd həb preparatları, boş dərman həblərinin etiketləri, 44 ədəd tamlığı pozulmamış ampulalar, 13 337 manat, 2 355 ABŞ dolları, 127 avro pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi avtomaşında preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan, eləcə də avtomobilin salon və yük hissəsindən müxtəlif dərman preparatları aşkarlanaraq götürülüb.
Həmçinin Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu, "BİODERM" MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən həmin MMC-yə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsilə ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd dövlət qeydiyyatından keçməyən dərman preparatını Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 90C ünvanının qarşısında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus Ağa Nemətulla küçəsi 20 ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 ədəd dərman preparatı, habelə ofisin otağında iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla “Hayal Estetika və Məsləhətçilik” MMC-rəhbəri Akif Saqiyevə və "BİODERM" MMC-nin faktiki direktoru Aqil Məhərrəmliyə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, A.Saqiyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.