Sabirabadda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək ölüb
Sabirabadda bir evdə qeydə qalınmış yanğın faktı ölümlə nəticələnib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, ümumi sahəsi 150 kv/m olan, üst örtüyü qamışdan ibarət birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və bir otağı 20 kv/m sahədə yanıb. Ev sahibinin həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qarayeva Kübra Nəsir qızı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda yanan evdən çıxarılıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib. K.Qarayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yanğın nazirliyin yanğınsöndürənləri tərəfindən söndürülüb. Evin qalan hissəsi, ev əşyaları və evə bitişik köməkçi tikili yanğından mühafizə olunub.