Salyanda fərdi yaşayış evinin yanması faciə ilə nəticələnib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə zamanı iki azyaşlı uşaq yanaraq dünyasını dəyişib.
Yanğın rayonun Boranıkənd kəndində, 1982-ci il təvəllüdlü Bəhrami Novruz Mübariz oğluna məxsus iki mərtəbəli evdə qeydə alınıb. Hadisə baş verən zaman evdə 3 azyaşlı uşaq olub. Onlardan biri - 3 yaşlı Əli yuxudan oyanaraq özü bayıra çıxsa da, bacıları 5 yaşlı Fatimə və 4 yaşlı Ceyranxanım yatdıqları otaqda qalıb. Həmin vaxt ev sahibi Novruz Bəhrami rayon mərkəzində imiş, onun xanımı isə həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan yanğından gec xəbər tutub. Evdən alovun çıxdığını görəndə isə artıq gec olub. Hətta Novruzun qonşuluqda yaşayan qardaşı da özünü tez haraya yetirsə də, uşaqları xilas edə bilməyib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Salyan rayon yanğından mühafizə hissəsinin iki yanğın söndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, 162 kv/m sahəsi olan ev əşyaları ilə birlikdə külə dönüb. Nəticədə Bəhramilər ailəsi iki azyaşlı uşaqları ilə yanaşı evlərini də itirib.