Ərdoğan: "İsraillə əlaqələri kəsə bilərik"
"Qüds müsəlmanların qırmızı cizgisidir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.
Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün İslam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.
Ərdoğanın sözlərinə görə, Şimali Suriyada bir terror qurşağı yaradılır: “Bu terror qurşağında hərbi bazalar yaradılıb. Şimali Suriyaya 3 minə qədər yük maşını ilə zirehli texnika, silahlar gəlib. ABŞ bu silahları kimə qarşı istifadə edəcək? İŞİD-ə qarşı? İŞİD qaldı? Suriyaya qarşı? Kimə qarşı istifadə edəcək? İrana, Türkiyəyə, bir az da qabağa gedərsə, Rusiyaya qarşı. Donald Tramp bizə dedi ki, İŞİD-dən sonra PYD/YPG-yə verilən silahlar geri alınacaq. Lakin əksinə, verilən silahlar artdı və ABŞ orada əlavə bazalar yaradır. Biz bunu müşahidə edirik və lazımi addımlar atacağıq. Biz heç kimin qarşısında əyilmədik və əyilməyəcəyik”.