Bıçaq çıxarıb telefonunu istədi, polis tutdu
Bakının Nərimanov rayonu ərazisində quldurluq edən şəxs çox uzağa gedə bilməyib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxt sakini Ülvi Cuvarlı Akademik Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib və bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alıb.
Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin polislər tərəfindən isti izlərlə axtarışı həyata keçirilib.
Nərimanov RMİ-nin rəis müavini Səlim Salmanlı deyir ki, polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb: “Quldurluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177,1 80 və 326-cı maddələri ilə məhkum olunan Seymur Osmanov əməkdaşlarımız tərəfindən saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib”.
S.Osmanov quldurluq yolu ilə etdiyi mobil telefon və onun hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib: "Pul istədim. Dedi yoxdur. Keçdim binanın həyətinə, dalaşdım. Çıxardı üstündəki pulu. 3-4 manat pul idi. Təklif etdi. Dedim pul qalsın, pul lazım deyil. Dedim telefonu çıxar. Telefonu götürdüm. Oradan da həmin vaxt mühafizə polisi gəldi. Onları gördü, başladı qışqırmağa. Telefonu atdım, qaçdım. Girdim blokda gizləndim. Bıçağı da atdım. Gəldilər orada tutdular".
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis quldurluq etməkdə şübhəli bilinən şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.