Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Dövlət başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd edib. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.