UNESCO-nun Komitəsinin Bakıda keçirilən iclası başa çatdı

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başa çatıb. APA TV-nin xəbərinə görə, sessiyanın yekun iclasından əvvəl Azərbaycanın incəsənət ustaları tərəfindən qədim "Kilimarası", "Maral oyunu", "Qız şahı" oyunları təqdim olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası keçirilib. Nazir bildirib ki, indiyədək nəzərdə tutulan bütün sənədlər müzakirə və qəbul olunub. O qeyd edib ki, qarşıda duran sonuncu məsələ iştirakçılara paylanılan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir.

 

Yunanıstan və Uruqvay dövlətlərinin təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarı təsdiq olunub.

 

QHT Forumunun nümayəndələri çıxış edərək bildiriblər ki, Komitənin 8-ci sessiyası yüksək səviyyədə keçirilib. Çıxış edənlər QHT-lərin fəaliyyəti haqqında geniş məlumat vermiş və qeyri-maddi mədəni irsin qorunması məsələlərinə dair fəaliyyət göstərə biləcəkləri sahələr üzrə fikirlərini səsləndiriblər.

 

Müəllif | Apa.Tv