Ermənistan XİN: Davudoğlunu “soyqrımı abidəsi”ni ziyarət etməyə çağırırıq


Ermənistan dekabrın 12-də İrəvana səfər edəcək Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun qarşısında müəyyən şərtlər irəli sürməyə hazırlaşır. APA TV-nin xəbərinə görə, Türkiyə xarici siyasət idarəsi rəhbərinin sərhədlərin açılması ilə bağlı "əgər Ermənistan izolyasiya vəziyyətindən çıxmaq istəyirsə, Azərbaycanın ərzi bütövlüyünə hörmətlə yanaşmalıdır" fikrinə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan reaksiya verib. Onun sözlərinə görə, Türkiyə münasibətlərin normallaşmasına heç bir şərt irəli sürmədən 2009-cu ildə imzalanmış protokolları ratifikasiya etməklə təkan verə bilər.

"İrəvana səfəri öncəsi regionda pozitiv irəliləyişə xələl gətirəcək təxribat xarakterli açıqlamalar vermək əvəzinə, Türkiyənin xarici işlər naziri yaxşısı budur ki, ona verilən şansdan istifadə etsin və Çiçernakaberddə yerləşən “Erməni soyqırımı” abidəsini ziyarət edərək soyqırımı qurbanlarının xatirəsini yad etsin".

 

Ermənistan xarici işlər naziri müavininin sözlərinə görə, əgər Türkiyə həqiqətən regiondakı ölkələr arasında sivil münasibətlərin bərpası prosesini sürətləndirmək istəyirsə, onda ilk növbədə rəsmi Ankara Osmanlı imperiyası dövründə törədilmiş soyqırımı tanımalı və Türkiyə-Ermənistan sərhədlərini açmalıdır.

 

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Haberturk TV-yə verdiyi müsahibəsində Ermənistanla münasibətlərin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlayıb. Onun sözlərinə görə, Türkiyə son vaxtlar uğurlu şəkildə Azərbaycan, Gürcüstan, İran, Türkmənistan, Rusiya ilə münasibətləri normallaşdırır, yalnız Ermənistanda bu bağ itir. "Biz bu cür izolyasiya istəmirik. Əgər Ermənistan bu rəsmin bir hissəsi olmaq istəyirsə, o zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır", - deyə Davudoğlu qeyd edib.
 

Müəllif | Apa.Tv
Apa.tv