İsrail zərbələr endirməyə başladı, Avropa yaxasını kənara çəkir, Ərdoğan Putinə zəng etdi
İsrail ordusu Qəzza zolağından raketlərin atılmasına cavab olaraq, həmin ərazidəki bir neçə mövqeyə zərbələr endirib.
APA TV-nin İsrail mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyata tanklar və aviasiya cəlb edilib.
Təl-Əviv Qəzza zolağından törədilən bütün hücumların arxasında HƏMAS-ın durduğunu bəyan edir. Bundan əvvəl Qəzza zolağından İsrail tərəfə 2 raket atılıb.
Fələstin rəhbərliyi isə Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti, dekabrda bölgəyə səfəri planlaşdırılan Maykl Penslə görüşməkdən imtina edib.
Bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.
Avropa İttifaqı da Donald Trampın son addımına etirazları davam etdirir. Qurumun baş diplomatı Federika Mogerini Qüdsün İsrailin paytaxtı kimi tanınmasının Yaxın Şərqdə münaqişələri alovlandıracağını deyib. O vurğulayıb ki, ABŞ-la bərabər Avropa İttifaqı da regionda sülh əldə olunması üçün vasitəçilik edib.
"Qərar Trampındır, bizim yox. Bizim baş verənlərlə bir əlaqəmiz yoxdur və qarışmayacağıq" - deyə, o əlavə edib.
Bu arada Trampın qərarına İordaniya parlamentindən də etiraz səsləri ucalıb. Spiker Atef ət-Tarauina deputatları cümə günü ABŞ əleyhinə keçiriləcək aksiyalarda iştiraka çağırıb.
Misir paytaxtında isə kütlə İsrail bayrağına və baş nazir Benyamin Netanyahunun şəklinə od vurub.
Türkiyənin paytaxtı Ankarada ABŞ səfirliyi qarşısında etiraz aksiyası təşkil edilib. Yüzlərlə insan bir neçə saat ərzində ABŞ-a qarşı şüarlar səsləndirib. Onları binanın damından silahlı Amerikan əsgərləri müşahidə edib.
Bu arada Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyi Təl-Əvivdən Qüdsə köçürmək qərarı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
R.T.Ərdoğan dekabrın 13-nə İstanbulda İslam Əməkdaşlığı Təşkilatının Qüdsün statusu ilə bağlı sammit çağırdığı barədə Putini məlumatlandırıb.
Məsələ ilə əlaqədar bu gün BMT TŞ-nın təcili iclası da çağırılıb.