Nazir: "Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var"

Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var.

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması" konfransında çıxışı zamanı bildirib: "Məlumdur ki, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəbləri kimi nəzərdən keçirilir. Digər tərəfdən, elm və texnologiyanın yüksək inkişafı biliklərin xeyli hissəsinin aktuallığını itirməsini, eləcə də mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsini şərtləndirir".

 

Nazir əlavə edib ki, “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 6 ay ərzində bu standartların istifadə olunması vəziyyətinin araşdırıldığını deyən S.Müslümov nəticələrin sevindirici olduğunu vurğulayıb: "İstifadəçilərin statistikası göstərir ki, 6 ay ərzində ondan 36500 dəfə istifadə olunub. Bu isə hər gün həmin standartlardan 203 dəfə istifadə olunduğunu göstərir. Müxtəlif sahələr üzrə də bu fərqlənir. Məsələn, enerji sektorunda cəmi üç standart verilməsinə baxmayaraq, bu standartlardan 756 dəfə istifadə olunub. Bu ən böyük göstəricidir. İstifadə faizinə görə götürsək, digər sektorlarda da standartlara müraciət onlardan istifadə olunması yüksəkdir".

 

Nazir bildirib ki, işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova