Dövlət Dəniz Administrasiyasına dəstək adlı tvinninq layihəsi yekunlaşıb

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nümayiş etdirilib.

 

Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəis müavini Şahlar Məmmədov bildirib ki, layihə respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi və maddi texniki bazadan daha səmərəli istifadə edilməsi məqsədilə keçirilən əhəmiyyətli tədbirlərdən biridir.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin Audit Sxeminə əsasən keçirilən audit yoxlamasına hazırlıq prosesində tvinninq layihəsinin əhəmiyyətli rolu olduğunu bildirib. Səfir yoxlamanın nəticələrinin yüksək qiymətləndirildiyini deyib: "Bu, ikinci tvinninq layihəsidir, birincisini bir müddət əvvəl həyata keçirmişik. Tvinninq layihələri Avropadakı tərəfdaşların ən yaxşı təcrübəsini paylaşmaq məqsədi daşıyır. Mən Azərbaycandakı həmkarlarımız hər iki tvinninq layihəsini bəyəndiyi və Avropa İttifaqının ən yaxşı standartlarından faydalanmaq istədiyi üçün buradayam. Əminəm ki, bu münasibətlər daha da inkişaf edəcək".

 

Tədbirdə vurğulanıb ki, tvinninq layihəsi çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması və Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməsidir.

Müəllif | Apa.Tv