"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı keçirilib
"Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, nəşr Leyla Yunusun hüquqlarını müdafiə etmiş vəkili Elçin Qəmbərov tərəfindən qələmə alınıb.
Millət vəkili Çingiz Qənizadə bildirib ki, Leyla Yunus müxtəlif adlarla külli miqdarda vəsaiti mənimsəyib. Müxtəlif fondlardan, xarici təşkilatlardan aldığı qrantları şəxsi hesablarına köçürüb. O, saxtakarlıq edərək həm Azərbaycandakı müxtəlif orqanları, həm də beynəlxalq təşkilatları aldatmağı bacarıb.
Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirib ki, Leyla Yunus vətən xaini olduğunu hələ 90-cı illərdən bəlli edib. Xüsusilə, əcnəbi ölkələrdə Azərbaycanı hər fürsətdə tənqid edərək, hakimiyyətə qarşı etdiyi çıxışları ilə dövlətçiliyə zərər vurmağa çalışıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov müəllif Elçin Qəmbərovun kitabda vəkil kimi etik normalara riayət etdiyini vurğulayıb. "Bu nəşrdə Leyla Yunusun müxtəlif yollarla əldə etdiyi vəsaitlə xaricdə aldığı daşınmaz əmlakları, pulların hansı hesablara köçürüldüyü əksini tapır. Kitabda vəkillik fəaliyyətinin pozulması halı yoxdur" deyə o, əlavə edib: "Dünən Rəyasət Heyətinin yeni tərkibi formalaşıb. Böyük təcrübəyə malik Elçin Qəmbərov yeni üzv seçilib. O bu kitabında Leyla Yunusun əsl simasını açıb. O, sübut edib ki, Leyla Yunus pula görə dövləti də, vətəni də satmağa hazır idi".
Vəkillər Kollegiyasının yeni sədri növbəti beş il üçün nəzərdə tutduğu işlərdən də danışıb: "Ödənişsiz hüquqi yardım institutunun təşviqi də qarşımızda duran vəzifələrdəndir. Vəkillər Kollegiyası vəkillərin peşə hazırlığının artırılması üçün Ədliyyə Akademiyası ilə birgə müvafiq tədbirlər planı hazırlayacaq. Qarşıda duran vəzifələrdən biri nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində də vətəndaşlarımızın hüquqlarının lazımi səviyyədə qorunmasını təmin etməkdir".
Sonda "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının müəllifi Elçin Qəmbərov çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi L.Yunus ermənipərəst və anti-Azərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurub: "İl yarım mən ona vəkillik etdim. Həftədə 3 dəfə Kürdəxanı Təcridxanasına yanına gedirdim. Bütün günüm ona həsr olunurdu. Onu mən yaxından təcridxanada tanımağa başladım. Əvvəllər də tanıyırdım. Mənə xəbər verdilər ki, Leyla mənə qarşı kampaniya aparmağa başlayıb. Leyla mənə qarşı savaş açdı. Mən də susa bilməzdim”.
Qeyd edək ki, nəşr Azərbaycan, ingilis, rus və fransız dillərində çap olunub.