Oğuz sakinindən 150 kq at əti götürülüb
Oğuzda mənşəyi məlum olmayan at əti aşkarlanıb.
APA TV-nin məlumatına görə, Oğuz Rayon Polis Şöbəsinə İsmayıllı rayon sakini Vüqar Ziliyevin qanunsuz at əti kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi "VAZ-2106" markalı 10 KH 076 dövlət nömrə nişanlı maşının yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, çəkisi 150 kq-a yaxın at əti aşkarlanaraq götürülüb. Vüqar Ziliyev ifadəsində at ətini rayonun Filfilli kəndindən aldığını deyib.
Aşkarlanan ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib. Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən yararsız at cəmdəyi zərərsizləşdirilərək basdırılıb, lazımı dezinfeksiya işləri həyata keçirilib.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.