Qarabağ cəbhəsində gərginlik: Təmas xəttindən Vyanaya uzanan yol

Həftə ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edib. Torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu atəşkəs rejimini 951 dəfə pozub. Atəşkəsin ən çox pozulması halı cümə axşamına təsadüf edib, dekabrın 7-də ermənilər 155 dəfə mövqelərimizi atəşə tutub. Digər günlərə nisbətən atəşkəs rejimi çərşənbə günü daha az pozulub - 119 dəfə.

 

Düşmən təxribatları bununla da bitməyib. İşğalçı ordu nəzarətdə saxladığı torpaqlarımızda yenidən təlimlər keçirib. Ağdamın Uzundərə ərazisində keçirilən təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunub. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrimizdə aydın eşidilib.

 

Maraqlıdır ki, ermənilərin hərbi təlimlərə başladığı gün ATƏT müşahidəçiləri təmas xəttində növbəti monitorinq keçirib və daha maraqlısı açıqlanan hesabatda prosesin insidentsiz ötüşdüyü deyilir.

 

Ötən həftə  Ermənistan ordusunda daha bir general istefaya göndərilib. Baş Qərargah rəisinin müavini Aykaz Bəhramyan yarıtmaz fəaliyyətinə görə Serj Sərkisyanın fərmanı ilə vəzifəsindən uzaqlaşdırılıb.

 

Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbi ilə hələlik fayda verməsə də, diplomatik səylər davam etdirilir. Vyanada uzun fasilədən sonra ilk dəfə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutub. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Elmar Məmmədyarov və Edvard Nalbandyan həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də təkbətək görüşüblər. Müzakirələrdə tərəflərin danışıqlar vasitəsi ilə həmsədrlərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyi qərara alınıb, həmçinin prezidentlərin növbəti görüşü ilə bağlı müzakirə aparılıb.

 

Vyanada ATƏT Xarici işlər nazirləri Şurasının toplantısında həmsədr ölkələr - ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri də Dağlıq Qarabağ problemi ilə bağlı bəyanat veriblər. ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson ölkəsinin münaqişənin həllində irəliləyişin əldə olunmasında maraqlı olduğunu bildirib və bu istiqamətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini intensivləşdirməyin faydalı olacağına işarə vurub. Onun rusiyalı həmkarı Sergey Lavrov isə Moskvanın istənilən həll yolunun axtarılması və tapılmasına töhfə verməyə hazır olduğunu bəyan edib.
 

Müəllif | Apa.Tv
Apa.tv