Arvadını və 4 qızını öldürən ata, Hacı Məmmədovun intiharı, 3 qəzada 9 ölü - KRİMİNAL XRONİKA
Bu həftə ölkədə ictimaiyyət arasında ciddi rezonans doğuran bir sıra cinayət hadisələri baş verib. Sosial şəbəkələrdə ciddi müzakirə olunan və medianın əsas gündəm hadisəsinə çevrilən kriminal hadisə isə Salyanda üç il əvvəl törədilmiş dəhşətli qətlin üstünün açılmasıdır. 2014-cü ildə itkin düşmüş Salyan sakini, 57 yaşlı Mehparə Əliyevanın, onun qızları 29 yaşlı İradə, 27 yaşlı Sevda, 23 yaşlı Ümidə və 22 yaşlı Rəqibənin meyitləri yaşadıqları evin zirzəmisindən tapılıb. Operativ məlumat əsasında zirzəmiyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları orada torpağa basdırılmış insan bədəninin hissələrini aşkarlayıblar. Araşdırma zamanı məlum olub ki, ailə başçısı, 63 yaşlı Fəqan Əliyev arvadının və dörd qızının boğazlarını kəsərək qətlə yetirib, sonra onları oğlu, 28 yaşlı Fəqan Əliyevlə birlikdə zirzəmidə basdırıb. Ata-oğul qətlə yetirdikləri beş qadının basdırmaq üçün bir metr dərinlikdə quyu qazıb, meyitlərin üstünü adyalla örtərək torpaqlayıblar. Fərhad və Fəqan Əliyevlə sonrakı müddətdə həmin evdə yaşamaqda davam ediblər. Yaxınları Fəqan Əliyevin sərxoş həyat tərzi sürdüyünü, ailədə daim söz söhbət olduğunu deyirlər.
"Mənim qızımın nişanı ərəfəsində bunlar yoxa çıxdı. Nişanda olublar, sonra yoxa çıxıblar. Ondan sonra axtarışa verilib. Ailə bir yerə yığılanda söhbət gedirdi ki, niyə bunlar yoxa çıxdı. Ailə başçısı evə pul gətirmir, ailəni dolandıra bilmirdi. Belə nöqsanlarla ailə soldu. Mən bildiyim bunlardır.
Qətli törətməkdə şübhəli bilinən Fəqan və Fərhad Əliyevlər həbs olunub, fakt üzrə araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində intihar edib. Özünü asan Hacı Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Penitensiar Xidmətdən bildiriblər ki, Hacı Məmmədov xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılırmış. O saxlandığı kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. Hacı Məmmədov vərəm, şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə olunurmuş. Hadisə baş vermiş kameradan Hacı Məmmədovun intihardan əvvəl yazdığı məktub tapılıb. İntihar edən şəxs qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını yazıb.
Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib və dəfn olunub. İntihar etmiş şəxsin vəkili Afət Qaziyeva ailəsinin dəfn yerini ictimaiyyətə açıqlamaq istəmədiyini deyib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
Hacı Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum ediliblər.
Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Vicay Qabil oğlu Cəmşidzadə olduğu müəyyənləşib. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Ağstafa rayonu ərazisində də kişi meyiti tapılıb. 70-75 yaşlarında olan kişinin meyiti Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında aşkarlanıb. Məlum olub ki, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini, 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.
Bu həftə ölkə ərazisində ölümlə nəticələnən bir neçə yanğın hadisəsi qeydə alınıb. Salyanın Boranıkənd kəndində 1982-ci il təvəllüdlü Bəhrami Novruz Mübariz oğluna məxsus iki mərtəbəli evin yanması nəticəsində ev sahibinin iki azyaşlı övladı ölüb. Yanğın zamanı evdə olan 3 yaşlı Əli yuxudan oyanaraq bayıra çıxa bilsə də, bacıları 5 yaşlı Fatimə və 4 yaşlı Ceyranxanım yatdıqları otaqda qalaraq dünyalarını dəyişiblər. Həmin vaxt ev sahibi Novruz Bəhrami rayon mərkəzində olub, xanımı isə həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan yanğından gec xəbər tutub. Yanğın nəticəsində 162 kvadratmetr sahəsi olan ev əşyaları ilə birlikdə külə dönüb, Bəhramilər ailəsi iki azyaşlı uşaqları ilə yanaşı evlərini də itiriblər.
Sabirabadın Nərimankənd kəndində də ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Ümumi sahəsi 150 kv/m olan, üst örtüyü qamışdan ibarət birmərtəbəli 4 otaqlı evin çardağı və bir otağı yanıb. Ev sahibəsi Kübra Qarayeva tüstüdən zəhərlənib, qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bu həftə Azərbaycanda yenə ölümlə nəticələnən yol qəzaları baş verib. Ən dəhşətli qəza isə Bakıda qeydə alınıb. Ağcabədidən yas mərasimindən qayıdan Sakit Hüseynovun idarə etdiyi "Mercedes-190" markalı avtomobil Xocasən-Lökbatan yolunda yük maşını ilə toqquşub. Qəza nəticəsində sürücü və onun maşında olan 4 ailə üzvü, o cümlədən 6 aylıq körpə qız dünyalarını dəyişiblər. Minik avtomobilində sıxışıb qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.
Yüksək sürət Sumqayıtda da üç nəfərin ölümünə səbəb olub. “KamAZ“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində toqquşublar. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə xəsarət alıb. Xilasedicilər ölənlərin meyitlərini və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bərdənin Mehdili kəndində isə sürücünün idarəetməsindən çıxan “VAZ 2110” markalı avtomobil bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin rayonun Ləmbəran kənd sakini, 69 yaşlı Dünya Məmmədova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Həftə ərzində ölkə ərazisində bir neçə bıçaqlanma hadisəsi baş verib. Sabirabadın Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayında isə toy məclisində qan tökülüb. Toya dəvət olunmuş qonaqlardan 1987-ci il təvəllüdlü Sərxan Əsədov sərxoş vəziyyətdə bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan Orxan Xudiyev və Emil Əhmədov yaraları ağır olduğundan xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Qohumların bildirdiyinə görə, hadisə borc məsələsi üstündə baş verib.
Salyan rayonunda da bıçaqlanma hadisəsi olub. Lombardda işləyən 47 yaşlı Xanım Bədəlova müştəri tərəfindən bıçaqlanıb. Ödənişlə bağlı işçi ilə müştəri arasında mübahisə yaranıb, 30 yaşlı Tural Abbasov mübahisə zəminində Xanım Bədəlovaya bıçaqla bədən xəsarətləri yetirib. Hadisə yerindən qaçan şəxsi saxlamaq mümkün olub. O istintaq zamanı törətdiyi cinayəti etiraf edib.