Neft həftəyə ucuzlaşma ilə başladı
Həftə sonu birjaların son ticarət sessiyaları ərəfəsində ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair açıqlanan hesabat qiymətlərə mənfi təsir göstərib.
APA TV-nin xəbərinə görə, hesabata əsasən, ötən həftə buruqların sayı 2 vahid artaraq 751 ədədə çatıb.
Bu həftənin ilk seanslarında “Brent” markalı neftin qiyməti bir qədər ucuzlaşıb. Hazırda bu markadan olan neftin bir bareli 63,26 dollara satılır, Qərbi Texas nefti isə 57,24 dollara təklif olunur. İki marka arasında qiymət fərqi 6 dollardan bir qədər çoxdur, bu, ABŞ-ın qiymətlərin formalaşmasında rolunu OPEK-ə uduzduğunu göstərir.
Bu gün “Bloomberg” və “Reuters” agentlikləri neft ekspertləri arasında ABŞ-ın kommersiya ehtiyatlarının həcminə dair keçirdiyi sorğunun nəticələrini açıqlayacaqlar. Bu sorğular həftənin ilk birja günü neftin qiymətinə təsir göstərir. Bundan başqa həftə ərzində neftin qiyməti Yaxın Şərqdə baş verən proseslərə əsasən formalaşacaq. Qüds problemi ətrafında gərginliyin artması nefti bahalaşdıracaq əsas amil sayılır. Həftə ərzində OPEk və Beynəlxalq Enerji Agentliyinin dünya bazarında neftə tələbatın həcminə dair aylıq hesabatları da açıqlanacaq. Nigeriyanın neft müəssisələrində tətil təhlükəsi də neftin ucuzlaşmasını ləngidən amillərdəndir.