Şəkidə qətliam kimi qəza: 4 ölü - 3-Ü RUSİYA VƏTƏNDAŞIDIR

İstirahət günlərində Şəki və Balakəndə baş verən yol qəzalarında 3-ü Rusiya vətəndaşı olmaqla 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.


APA TV-nin məlumatına görə, dekabrın 9-u axşam saat 19:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi “Mercedes” markalı 57 BN 577 dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi “Volkswagen Passat” markalı 20 DA 133 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

 

Nəticədə “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya Federasiyasının vətəndaşları - 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin, 1949-cu ildə Şəmkir rayonunda doğulan Rusiya vətəndaşı Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Sərnişinlərdən 1963-cü ildə Yevlax rayonunda doğulan Rusiya vətəndaşı İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

 

"Mercedes" markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri - 1992-ci il təvəllüdlü Qax sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.


Rusiya Federasiyasının ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları olublar.

 

Digər ölümlə nəticələnən yol qəzası isə dekabrın 10-da səhər saat 07:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayonunun Katex kənd sakini, 1957-ci il təvəllüdlü Əkrəm Murad oğlu Atayev idarə etdiyi “VAZ-2106” markalı 08 BE 991 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1956-cı il təvəllüdlü Katex kənd sakini Ofeliya Ələkbər qızı Məmmədovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov