İsrail baş naziri: “Qüdsün İsrail paytaxtı olması Bibliyada və digər kitablarda qeyd olunub”

Fransa prezidenti Emmanuel Makronun Qüdsün İsrail paytaxtı kimi tanınmasına dair ABŞ-ın qərarını pisləməsi Tel-Əvivdə narazılıq doğurub.

 

APA TV-nin xəbərinə görə, Parisdə prezident Makronla görüşdən sonra mətbuata açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qüds 3000 ildən artıqdır İsrailin paytaxtıdır:  “Siz bu barədə Bibliyada və digər dini kitablarda oxuya bilərsiniz. İsrailin paytaxtı Qüdsdən başqa hara ola bilər?”

 

Netanyahu həmçinin bütün dünya dövlətlərini, o cümlədən ərəb ölkələrini Qüdsü İsrailin paytaxtı kimi tanımağa çağırıb. O bildirib ki, Qüdsün paytaxt kimi tanınması bölgədə sülhüm əsas təminatçısı ola bilər.

 

Fransa prezidenti Emmanuel Makron İsrail baş naziri ilə görüşdən sonra bəyan edib ki, ölkəsi ABŞ-ın Qüdsü paytaxt kimi tanımağa dair birtərəfli qərarını təqdir etmir. O əlavə edib ki, bu qərar beynəlxalq hüquq normalarına ziddir və bütün dünyada təhlükəsizlik üçün ciddi təhdid formalaşdırır.

 

Bundan əvvəl Avropa İttifaqı və BMT baş katibi də analoji bəyanatla çıxış etmişdi.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı