Meşədə marixuana əkib-becərən Yevlax sakini tutuldu
Yevlax sakinindən 6 kiloqrama yaxın narkotik vasitə götürülüb.
APA TV-nin xəbərinə görə, əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayev saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib: “Narkotik vasitələri Yevlaxda meşədə əkmişdim. Gətirib evdə saxlamışdım. 4 kisəyə yığılmışdı”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.