Salyan və Neftçalada Qarabağ əlilləri və şəhid ailələrinə 14 ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə  Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əvvəlcə yeni fərdi yaşayış evlərinə baxış keçirilib.

 

İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.  Evlərdən 9-u Qarabağ müharibəsi əlillərinin, 5-i isə şəhid ailələrinin istifadəsinə verilib. Yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi işlərindən də bəhs edilib. Onların pensiya və ya aylıq sosial müavinətlərlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri, həmçinin uşaqlarının aylıq sosial müavinətlə təmin edildikləri bildirilib, Qarabağ müharibəsi əlillərinin müasir tələblər səviyyəsində səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunmaları üçün görülən işlər diqqətə çatdırılıb.

 

Tədbirdə nazirlik rəsmisi Əminə Seyidzadə, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı