FHN Akademiyasında Heydər Əliyevi anım mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib.
APA TV-nin xəbərinə görə, məşğələ ulu öndər Heydər Əliyevin anım gününə həsr olunub.
Tədbirdən öncə Akademiyanın həyətində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Dahi rəhbərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, elm, təhsil sahəsinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən söz açıb, onun rəhbərliyi ilə gerçəkləşən böyük əhəmiyyətli quruculuq işlərindən bəhs edib. O qeyd edib ki, ulu öndərin anım günü ərəfəsində - dekabr ayının 5-dən başlayaraq Akademiyanın Heydər Əliyev Mərkəzində müvafiq cədvələ əsasən, “Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda açıq dərslər keçirilir və həmin dərslərin keçirilməsi dekabr ayının 12-dək davam etdiriləcək.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edərək, ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıb. O bildirib ki, ulu öndər tərəfindən əsası qoyulmuş strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.