Səfirlər cəbhə bölgəsinə səfər ediblər

Bu gün xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

 

Səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə tanış olublar.

 

ABŞ-dan olan tədqiqatçı Ceyms Koyl bildirib ki, beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir:

 

"BMT nizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Xalqların öz müqəddəratını təyin etmə prinsipinin müəyyənləşməsi də ilk növbədə dövlətlərin ərazi bütövlüyünə uyğun və mərkəzi hakimiyyətin icazəsi əsasında olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli bu prinsiplər əsasında mümkündür".

 

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb:

 

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir. Fransa digər həmsədr ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması istiqamətində bundan sonra da işləyəcək".

 

Qonaqlar həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olublar:

 

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, ermənilər artıq Azərbaycan dövlətinə, onun siyasətinə uduzublar:

 

"Artıq ermənilər Azərbaycan dövlətinə, onun siyasətinə uduzurlar. Ermənilərin tikdiyi "Marağa-150" abidəsi ermənilərin özlərinin bu ərazilərə köçürülməsini təsdiq edir. Bütün sənədlər toplanıb və burdadır. Əvvəllər şifahi deyilirdisə, indi bunu sübutlarla deyirik.  Artıq onların bütün dünyaya yaydıqları yalan sözlərə dünya ictimaiyyəti inanmır. Bu, 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İranın Marağa kəndindən erməni ailələrinin köçürüldüyünü təsdiq edən bir abidədir. Bir zamanlar bütün dünyadan ermənilər Azərbaycan torpaqlarına köçürülürdüsə, artıq Ermənistandan böyük köç başlayıb. Çoxlu sayda erməni ailələri ölkəni tərk edir".

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev diplomatların bugünkü səfərini uğurlu addım kimi qiymətləndirib. Onun sözlərinə görə, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri məcburi köçkünlərə yaradılan şəraitlə, Azərbaycan dövlətinin öz vətəndaşına göstərdiyi yüksək diqqətlə yerində tanış olublar:

 

"Səfərdə 60-dan çox ölkənin səfiri və diplomatik nümayəndəliklərin rəhbərləri, ölkədə akkreditə olmuş beynəlxalq təşkilatların, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri iştirak etdi. Burda onlarda çox yüksək təəssüratlar yarandı. Onlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilinin dayandığını və bu əsnada da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasəti əyani şəkildə gördülər".

 

H. Hacıyev qeyd edib ki, bütün beynəlxalq təşkilatlar və xüsusilə BMT-nin aidiyyəti strukturları görülən işləri yüksək qiymətləndirib.

Müəllif | Apa.Tv
Apa.tv