ABŞ-da baş verən terror aktı nefti kəskin bahalaşdırdı - İLLİK REKORD MÜƏYYƏNLƏŞDİ

Nyu-Yorkda baş verən partlayışdan sonra sərmayəçilərin diqqəti geosiyasi risklərə yönəldiyindən neftin qiyməti kəskin bahalaşıb.

 

APA TV-nin məlumatına görə, “Brent” markalı neft illik rekordu  yeniləyib. Hazırda bu markadan olan neftin bir bareli 65,62 dollara satılır, Qərbi Texas nefti isə 58,44 dollardan təklif olunur. Qeyd edək ki, bundan əvvəl il ərzində “Brent” neftinin maksimum qiyməti 64,93 dollar təşkil etmişdi.

 

Birləşmiş Ərəb Əmirliklərinin energetika nazirinin açıqlamaları da neftin bahalaşmasına mane ola bilməyib. Nazir bəyan edib ki, ölkəsi və OPEK-ə üzv olmayan neft dövlətləri iyun ayında hasilatın azaldılmasına dair sazişdən çıxdıqlarını bəyan edəcəklər. O bildirib ki, bu addım qlobal neft paktının həmin tarixədək qüvvədən düşəcəyi anlamına gəlmir.

 

Bu gün Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair proqnoz xarakterli hesabat açıqlayacaq. Hesabatın qiymətlərin artımını dayandıracağı ehtimalı böyükdür. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı