Netanyahu ABŞ-ın gizli saxlanan planını açıqladı: "Qüds İsrailin paytaxtı kimi tanınacaq"
"Ümid edirəm ki, ABŞ-dan sonra Avropa İttifaqı və Fələstin də Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu Brüsseldə belə bir açıqlama verib.
Avropa turnesi çərçivəsində hökumət rəhbəri ilk dəfə Brüsseldə Avropa İttifaqının binasını ziyarət edərkən, qurumun xarici işlər nazirlərinə Yaxın Şərq danışıqları prosesində Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin rəhbərliyi ilə Vaşinqtonun yeni planlarını açıqlayıb: "Səylər gücləndirilir, Ağ Evin yeni sülh təklifi var. Məncə bu təklif sülhün daha tez əldə olunması üçün şərait yaradacaq. Fələstinlilər yəhudi dövlətini və onun paytaxtının məhz Qüds olduğunu qəbul etməlidir".
Avropa İttifaqının ali komissarı Federika Mogerini isə Qüdsün statusu və sülh danışıqları prosesində konsensus əldə olunmalıdır, məsələ yalnız ABŞ-ın istəyi ilə həllini tapa bilməz: "Bəli, İsrail-Fələstin danışıqlarının ABŞ-ın iştirakı olmadan nəticə verəcəyi real görünmür. Amma Vaşinqton başa düşməlidir ki, hər şey onun təşəbbüsü ilə olmayacaq, belə düşünmək olmaz".
Qeyd edək ki, Avropa İttifaqı xarici işlər nazirləri ABŞ-ın səyləri baş tutmasa, öz planlarını təklif etməyə hazır olduqlarını bəyan ediblər.