Xələf Xələfov: "Gürcüstanla delimitasiya danışıqları davam etdiriləcək"
"Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O, hazırda qəbul edilmiş plan əsasında sərhəddə konkret sərhəd işarələrinin qoyulması və müvafiq qurğuların quraşdırılması ilə bağlı iş görüldüyünü vurğulayıb.
Gürcüstanla sərhədlərin delimitasiyasından danışan Xələf Xələfov bu prosesin də uzanma səbəblərindən bəhs edib: "Bu, elə məsələdir ki, danışıqlar aparılır, müəyyən sahələr üzrə razılıq əldə olunursa, protokollar imzalanır, əldə olunmursa, bu danışıqlar davam etdirilir. Materiallar araşdırılır, yerdə işlər aparılır. Yəni bu, uzunmüddətli bir prosesdir, çox da asan proses deyil. Hər bir sahə üzrə hərdən olur ki, aylarla tədqiqatlar, araşdırmalar aparılır. Buna görə də bu təbii hesab olunur ki, delimitasiya prosesi bu cür həyata keçirilir".
Nazir müavini həmçinin gələn ilin əvvəlindən Gürcüstan tərəfi ilə danışıqların davam etdiriləcəyini açıqlayıb.