Mahmud Məmmədquliyev: "Azərbaycanın bir-iki il ərzində ÜTT-yə üzv olacağına inanmıram"

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasındakı danışıqlarda irəliləyiş olsa da, ləngimələr də yox deyil: "Bu həftənin axırında sazişin sektorial bloku haqqında videokonfrans olacaq. Burda enerji, ekoloji və digər məsələlər müzakirə olunacaq. Qalan bloklar ola bilsin ki, gələn il olsun, yanvar-fevral aylarında. "

 

Nazir müavini danışıqların başa çatma müddəti ilə bağlı yekun fikir söyləyə bilməsə də, prosesin uzanmasına müəyyən şərh verib: "Onlar öz mövqeyində, biz də öz mövqeyimizdə qalırıq.  Sektoral blokda yaxşı irəliləyişlər var, siyasi blokda da bəzi irəliləyiş var. Ticarət və investisiya bloklarında bir az ləngimə var".

 

Hökumət rəsmisi bu ləngimənin ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmaması ilə əlaqəli ola biləcəyini ehtimal edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov