Göyçayda mikroavtobus yoldan çıxaraq aşdı, yaralılar var

Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürücü Bəkir Mustafayev Sumqayıt-Göyçay marşrutu üzrə idarə etdiyi 85 BX 719 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu ilə Göyçaydan Sumqayıt istiqamətində hərəkətdə olarkən yolda qəflətən “VAZ-2106” markalı minik avtomobili qarşısına çıxıb. O, qəzadan yayınmaq üçün sükanı sol tərəfə çevirib və idarəetməni itirərək avtomobili yolun kənarındakı su arxına aşırıb.

 

Hadisə zamanı sürücü ilə yanaşı, sərnişinlərdən 1956-cı il təvəllüdlü Rəsulova Nailə Məmmədhüseyn qızı, 1993-cü il təvəllüdlü Abbasov Elnur Ruslan oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Allahverdi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki nəfər sərnişinin yüngül xəsarət aldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv