İran səfiri: "Fələstin xalqı öz tarixi torpaqlarında yaşamalıdır"
"İranın dünyadakı münaqişələrlə bağlı mövqeyi aydındır. Ölkəmiz heç bir nöqtədə münaqişənin olmasını istəmir".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında bildirib.
O, Fələstin xalqının öz tarixi torpaqlarında yaşamaq hüququnun tanınmalı olduğunu diqqətə çatdırıb: "Fələstin xalqı bir məzlum xalqdır. Gərək onlar öz elində, yurdunda, ata torpaqlarında yaşasın. İran hökuməti bunu ifadə edib, sabah da toplantıda iştirak edəcək. Xəbərimiz var ki, prezident İlham Əliyev də o toplantıda var. Ümumilikdə müsəlman dövlətlərinin bir-birinin yanında olmağı onların mövqeyini gücləndirə bilər".
Cavad Cahangirzadə ölkəmizlə İran arasında azad iqtisadi zonalar yaradılması məsələsindən də danışıb: "Bilirsiniz ki, gələcəkdə Bakıda İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli toplantısı olacaq, ondan bir həftə sonra bizim İran Astarasında Azərbaycan-İran müştərək komissiyasının sədrləri görüşəcək. Orada mühüm məsələlər müzakirə olunacaq. Onlardan biri İranla Azərbaycan arasında investisiyalardır ki, Şimal-Cənub dəhlizinin açılmasına görədir. Bununla bağlı sənəd orada imzalanacaq. İkincisi, İran Astarasında müştərək investisiya ilə qurulan terminaldır".
Səfir yüklərin həmin terminal vasitəsilə İranın Bəndər-Abbas şəhərinə, oradan da Moskvaya daşınacağını bildirib. Hazırda bununla bağlı xərclər və zaman faktoru hesablanır. C.Cahangirzadə Neftçalada inşa olunan avtomobil zavodunun İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı istifadəyə verilməsinin gözlənildiyini vurğulayıb.