Şuşa şəhərciyində "Jiquli" avtobusa çırpıldı

Gecə saatlarında Bakının Sabunçu rayonu ərazisində minik maşını sərnişin avtobusu ilə toqquşub. APA TV-nin məlumatına görə, avtoqəza Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.

Avtoqəza zamanı 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Rzayev Əli İbrahim oğlunun 214 saylı xətt marşrutu üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla qarşı-qarşıya toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü R.Nəsibov xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırlıqdadır.

Hadisənin baş verdiyi ünvanda isə Sabunçu polisi müayinələr aparıb. Avtobusun sürücüsü Ə.Rzayevin sözlərinə görə, minik maşını sərt döngədə qəfildən onun yoluna çıxıb.

Yol qəzasının təfərrüatları araşdırılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı