Donald Tramp: "Suriyada və İraqda İŞİD-i tam məğlub etdik"

ABŞ prezidenti Donald Tramp ölkəsinin İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olduğunu bəyan edib.

 

APA Tv-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, D.Tramp bunu Ağ Evdə müdafiə büdcəsinin imzalanma mərasimində deyib.  

 

"Biz Suriyada, İraqda qələbə qazandıq, lakin terrorçular digər rayonlara yayılırlar. Amma biz onları yayıldıqları qədər tez təqib edirik" - deyə, Tramp bildirib.  

 

Bundan başqa, D.Tramp 4 əsas müddəanın əks olunacağı yeni milli təhlükəsizlik strategiyasının qəbul ediləcəyini vəd edib: Amerika xalqının qorunması, ABŞ-da rifahın artırılması, Amerika təsirinin genişləndirilməsi və sülhün güc vasitəsi ilə qorunub saxlanılması.    

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Rusiyanın Suriyadakı "Xmeymim" aviabazasına baş çəkərək,  Rusiya ordusunun Suriyadan çıxarılmasına dair əmr verib. V.Putin çıxışı zamanı Suriya və Rusiya Silahlı Qüvvələrinin İŞİD üzərində qələbə qazandığını bəyan edib. Eyni bəyanatı İran prezidenti Həsən Ruhani də səsləndirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı