Ərdoğan: "İsrail işğalçı və terrorçu dövlətdir"

"Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq".

 

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

 

O bildirib ki, dekabrın 6-da ABŞ beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: "Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu hüquqsuz qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı  tamamilə rədd edib".
 

O qeyd edib ki, 1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür: "İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail  mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. "Mən etdim, oldu" deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

 

O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb. "Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik" - deyə, Ərdoğan vurğulayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı