ABAD Şəki-Zaqatala bölgəsində kiçik ailə müəssisələrini inkişaf etdirəcək

"Balakən regional ABAD Mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədinin imzalanması baş tutub.


APA TV-nin xəbərinə görə, sənədi Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri İnam Kərimov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai imzalayıblar.

 

ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin sözlərinə görə, "ASAN Xidmət", Aİ və BMT-nin İnkişaf Proqramı arasında imzalanan layihənin 3 il müddətinə həyata keçirilməsi nəzərdə tutulub: "2020-ci ilədək Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək. Dəstək ABAD mərkəzləri vasitəsilə həyata keçiriləcək. Bu insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevrilərək, Azərbaycan iqtisadiyyatına töhfə verəcəklər. BMT-nin daimi inkişaf məqsədlərinə qismən nail olunması  nəzərdə tutulur. Layihə çərçivəsində ailələrin brendləri yaradılacaq, məhsulları istehsal olunacaq və satışa çıxarılacaq. Bu layihənin maliyyələşməsini 3 tərəf həyata keçirəcək. Əsas maliyyə partnyoru qismində Avropa İttifaqı çıxış edir. BMT-nin İnkişaf Proqramı bu layihə çərçivəsində icraya nəzarət və maliyyə xərclərini öz üzərinə götürən tərəfdir. ABAD publik hüquqi şəxs agentlik tərəfi isə icraçı tərəfdir və bütün bu layihəni icra edəcək".


ABAD direktoru onu da vurğulayıb ki, hazırda 170 "ABAD"çı var ki, onlardan 25-i kənd təsərrüfatı istehsalı ilə məşğul olur. Ötən müddət ərzində bütün məhsulların satış dövriyyəsi 320 min manata çatıb. Bu göstəricinin 230 min manata qədəri "ABAD"çıların bank hesabına köçürülüb. O, yalnız kənd təsərrüfatı və sənətkarlığın deyil, digər sahələri də dəstəkləməyə hazır olduqlarını deyib, turizmin inkişafı üzrə hostellərin yaradılmasına da böyük ümidlər olduğunu vurğulayıb.

 

"ASAN Xidmət"in sədri İnam Kərimov kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında ABAD-ın xüsusi yeri olduğunu deyib. O əlavə edib ki, ABAD publik hüquqi şəxsi yarandığı dövrdən bəri ölkənin 17 regionundan olan 172 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərib. 

 

Müəllif | Apa.Tv
Apa.tv