Mahmud Abbas: "İsrailin sərhədləri yoxdur, onu dövlət kimi tanımaq olarmı?"
"Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi".
APA TV-nin, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.
M. Abbas bildirib ki, bu gün də ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: "Həmişə ABŞ-ın yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyillər. Bu gün ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edir. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil".
M. Abbas həmçinin münaqişənin ikidövlətli həll variantına üstünlük verdiklərini bildirib. ABŞ prezidenti D. Trampın səfirliyin Qüdsə köçürmək qərarını şərh edən Fələstin lideri bununla da Birləşmiş Ştatların problemin həllində vasitəçiliyini itirdiyini vurğulayıb: "ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik. Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. İsrailin sərhədləri yoxdur. İndi siz deyin, sərhədləri olmayanı dövlət kimi tanımaq olarmı? Biz münaqişənin yalnız ikidövlətli həll variantına üstünlük veririk".