Meyitlərdən donor kimi istifadə oluna bilər - NEFTÇİLƏR XƏSTƏXANASINDA YENİLİK
Dünyada böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkən insanların sayı sürətlə artır. Lakin təəssüf ki, donorların sayı, əksinə, azalır.
APA TV-nin məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.
O, orqan köçürülmələri ilə bağlı statistikanı açıqlayaraq qeyd edib ki, son 10 il müddətində MNX-da 500-dən çox insan üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub: "Bu il 76 xəstəyə böyrək, 9 xəstəyə isə qaraciyər köçürülüb. Əməliyyat olunan xəstələrin 92-95 faizi sağlıqlarına qovuşa bilib. Yeddi xəstəmiz valideyn olub. Bizim 26-27 faiz xəstəmiz dializə getmədən əməliyyat olunurlar. Xəstələrin 22 faizini isə uşaqlar təşkil edir".
Bu yaxınlarda mərkəzdə daha bir uğurlu əməliyyat keçirilib. Söhbət Azərbaycanda ilk dəfə keçirilən çarpaz orqan transplantasiyasından gedir. Dünyada nadir hallarda tətbiq olunan bu əməliyyata bir gündə 4 nəfər əməliyyat olunub. Onların səhhəti normaldır: "Çarpaz əməliyyat bir cütə icra olunub. Üç cüt də əməliyyata hazırlaşır. 15-20 faiz hallarda fəsadlaşma ehtimalı var. Xəstə vəfat edə bilər, ağ ciyər infeksiyası, qaraciyər köçürüləcəksə, böyrək və ürək çatışmazlığı ola bilər".
"Böyrək çatışmazlığına görə bir böyrəyim çıxarılmışdı. Ondan sonra 15 il ərzində bir böyrəkdən əziyyət çəkmişəm. 2016-cı ilin noyabr ayında Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişəm. Avqust ayına qədər böyrək axtarmışıq. Sonra çarpaz böyrək əməliyyatı etmək təklif olundu. Donorlarla tanış olduq və beləcə əməliyyat baş tutdu. Türkiyədə 35 min dollar, Rusiyada 25 min dollar dedilər. Azərbaycanda bu əməliyyat 10-12 min AZN-ə başa gəlir".
"Böyrəyimdən müalicə alırdım. Türkiyədə müayinə olundum. Dedilər ki, böyrəklər fəaliyyətini dayandırıb. Şükür, hamımız yaxşıyıq. Yaxşı ki, dializə düşmədik".
Bildirilib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Gələcəkdə meyitlərin də orqanlarının köçürülməsi mümkün ola bilər.