Ömrü kadrlarda donduran peşə - REPORTAJ
Çox az adam tapılar ki, şəkil çəkdirməyi sevməsin. Yəqin bu ona görədir ki, şəkil insanın əlində saxlamaq istədiyi bir andır. İstəyirik ki, o an heç olmasa, donmuş bir kadrda qalsın. Şəkil çəkməyi sevənlər də çoxdur. Elə bir kəs tapılmaz ki, telefonunun kamerası ilə şəkil çəkməsin. Bu işin peşəkarları bildirir ki, şəkil çəkmək o qədər asan bir iş deyil. Kadrın qurulmasından işığın bucağına qədər - hər şey düşünülməlidir. Fotoqraflar bunu APA TV-nin çəkilişi zamanı bildiriblər. Onlar deyir lər ki, detal çoxdur. Amma əsas detallar var ki, fotoaparatda qurulur. Foto çəkən adam ən azından işığı bilməlidir. İşığın düşmə istiqamətini bilməlidir. Hər şeydən öncə onun balaca balaca studiyası olmalıdır.
Fotorqaflar deyirlər ki, Hər bir fotoqrafın öz iş üslubu olsa da, bazarın tələbləri başqadır.
Fotoqraf Tamerlan Kamran bildirir ki, hazırda yaxşı qazanmaq üçün ən yaxşı yer toylardır.
Onun həmkarı Mahir Rüstəmov natura şəkillərinə üstünlük verir. O da deyir ki, toylardan daha yaxşı qazanmaq mümkündür.
Ancaq fotoqraf Sultan Əliyev belə düşünmür. Deyir ki, fotoqraflıq ciddi sənətdir və istiqamətləri var. Əgər öz işinin peşəkarısansa, nə vaxtsa peşənin qiyməti olacaq: "O düzgün deyil ki, hər bir insan yalnız bir işin dalınca getməlidir, onu da keyfiyyətli etməlidir. Keyfiyyət, yüksək çəkiliş olmalıdır. Əgər bu işi görürsənsə, ya 5 ulduz olmalısan ,ya da etməməlisən".
Deyir ki, yaşlı qoca nənəni çəkib, 124 yaşlı qadının üzündə 124 ilin qırışları olub. Ən sevdiyi şəkli isə işıqforun üzərində çəkdiyi 3 qarğa fotosudur.
Fotoqraflar deyir ki, öz çəkdikləri yaxşı, ya da pis deyə bilməzlər. Bunu kənardan baxanlar deyə bilər. Gənclərin foto sahəsinə marağının artmasına gəldikdə isə fotoqraflar bildirir ki, pis vərdişlərə aludə olmaqdansa, elə foto çəksələr, yaxşıdır. Amma bu işi sevmək və ciddi məşğul olmaq lazımdır.
Sənətini çox sevən fotoqrafların problemləri də var. Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun sözlərinə görə, Azərbaycanda fotoqraf sənətinə münasibətdə soyuqluq var: "Ali məktəb səviyyəsində bizdə fotoqrafiya tədris olunmur. Birlik kimi yaranmışıq, 15 ildir fəaliyyətdəyik. Bizim öz qərargahımız yoxdur".
Bu barədə çox yerə müraciət etdiklərini, Mədəniyyət və Turizm Nazirliyindən cavab məktubu aldıqlarını deyir. Nazirlik Fotoqraflar Evinin yaradılması üçün balanslarında müvafiq bina olmadığını bildirib.