Astara Zaqataladan sonra ikinci ən böyük fındıq tədarükçüsü ola bilər

Bu ildən etibarən Astarada ilk dəfə olaraq kütləvi şəkildə strateji məhsul sayılan fındıq bağlarının salınmasına başlanılıb. Bu məqsədlə rayona Zaqataladan 11 min fındıq tingi gətirilib.

APA TV-nin cənub bürosunun məlumatına gorə, Astarada fındıq ağacları bir vaxtlar fərdi təsərrüfatlarda olsa da, indi kütləvi əkini həyata keçirilir. Yeni gətirilən ağaclar həm fərdi təsərrüfatlarda, həm pay torpaq sahələrində, həm də meşə ərazilərində əkilir. Fındıq ağaclarının ümumilikdə əkin ərazisi 20 hektar nəzərdə tutulub.

Bütün aqrotexniki qulluqlara tam əməl olunmaqla aparılan əkin işləri Astara Rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Ağaclar arasındakı məsafə 8 metrdir. Bu da ağacların həm rahat suvarılmasına, həm də aqrotexniki qulluğun səmərəli göstərilə bilməsinə hesablanıb.

4-5 ildən sonra bar verəcəyi gözlənilən fındıq ağaclarının hər birindən 100-150 kiloqrama yaxın məhsul götürülməsi hədəflənib. Hazırda sahələrdə əkin işləri davam edir. Növbəti illərdə fındıq sahələrinin genişləndirilməsi planlaşdırılır.

Bu il fındıq bağları ilə yanaşı yeni sitrus və qoz ağacları da əkilib. 5 hektar sahədə feyxoa və naringi, 30 hektar sahədə isə qoz tingləri torpağa basdırılıb.

Məlumat üçün bildirək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan dünyada fındıq istehsalı və ixracına görə dördüncü ölkə hesab olunur. Ölkədə ildə təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi ixrac edilir. Ötən il ümumilikdə 25 ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Məhsul əsasən İtaliya, Rusiya və Almaniyaya satılıb.

Müəllif | Apa.Tv
Apa.tv