Xarici ölkələrə işləyən xeyli azərbaycanlı aşkarlanıb - CASUS ƏMƏLİYYATI

Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, hesabat müşavirəsində Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

 

2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.  

 

Bildirilib ki, 2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanıl­ıb. 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

 

Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları optimallaşdırılıb, IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” yarışlarının təş­­kili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub.

 

Avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak edib, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

 

Hesabat müşavirəsinin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd