Kəmaləddin Heydərov: "Bu il 296 nəfər suda batmaq təhlükəsindən xilas edilib"

Dekabrın 16-da Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12 ili tamam olur.

 

APA TV-nin məlumatına görə, bu münasibətlə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin kollektivi Fəxri Xiyabanda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, habelə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və nazirliklərin rəhbər şəxsləri iştirak edib.

 

Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Qonaqlar foyedə sərgilənən rəsm və  əl işlərinə baxıb.

 

Bildirilib ki, müsabiqəyə təqdim olunan işlər arasından 32 müəllifin əsərləri seçilərək, mükafatçılar sırasında yer alıb. I və II yerləri tutan müəlliflərə mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, digər qaliblərə isə gənclər və idman, eləcə də təhsil nazirlərinin müavinləri təqdim edib.

 

Daha sonra nazirliyin kollegiya iclası olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov kollektivi nazirliyin yaradılmasının 12-ci ildönümü münasibətilə təbrik edib, ötən dövr ərzində nazirliyin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində çoxsaylı işlərin görüldüyünü diqqətə çatdırıb. Nazir deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən Balakən, Qax və Zaqatalada yanğın mühafizə hissələri inşa olunub.

 

Statistikaya nəzər salan Kəmaləddin Heydərov bildirib ki, cari ildə respublika ərazisində 12371 yanğın hadisəsi qeydə alınıb, 69 nəfər, 85 min hektar pambıq sahəsi, 98 dövlət, 296 özəl obyekt, 532 ədəd fərdi ev, 284 texnika yanğından mühafizə olunub. Hesabat dövrü ərzində nazirlik tərəfindən 38 min obyektdə yanğın-texniki müayinə, 180 müəssisədə maarifləndirmə işləri həyata keçirilib. Nazirlik əməkdaşları tərəfindən 60 mini fəhlə olmaqla, 180 min vətəndaş yanğın təhlükəsizliyi barədə məlumatlandırılıb.

 

Diqqətə çatdırılıb ki, hesabat ilində Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən qaz sızması və digər fövqəladə hallarla bağlı keçirilən 1138 əməliyyatda 423-ü uşaq olmaqla, 1442 nəfər xilas olunub, 90 nəfərin qapalı məkanlarda qalmış cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Nazir eyni zamanda Dövlət Sularda Xilasetmə Xidməti qruplarının 296 nəfərini batmaq təhlükəsindən xilas etdiyini açıqlayıb.

 

Nazirliyin "112" qaynar xəttinə il ərzində 97 min müraciət daxil olduğunu deyən K.Heydərov bildirib ki, neft-qazçıxarma sahəsində təhlükəsizliyin təminatı məqsədilə 1768 müəssisədə monitorinq aparılıb, 1668 akt tərtib olunub.

 

Tədbirin yekununda nazirliyin bir qrup əməkdaşına "Vətənə xidmət", "Dövlət qulluğunda fərqlənməyə görə", habelə "Hərbi xidmətdə fərqlənməyə görə" orden və medalları təqdim olunub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov