Bakı məktəbliləri elmi tədqiqatlara cəlb olunub

Bu gün şagirdlər arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinin I hissəsində iştirak edən 45 şagirdə Bakı Mühəndislik Universiteti tərəfindən sertifikatlar verilib.

 

APA TV-nin xəbərinə görə, müsabiqə çərçivəsində təcrübə işinin təşkilində məqsəd  universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin tədqiqat işlərinə marağını artırmaq, ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaratmaqdan ibarətdir.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqə çərçivəsində təcrübə işinin təşkilinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, müsabiqənin məktəblilərin fizika  fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib: "Universitetlə birgə bunu keçirməkdə məqsədimiz sizin artıq indidən universitet həyatı ilə bağlı müəyyən məlumatlara yiyələnməyinizdir. Bu gün sizin üçün yaradılan şərait nəticəsində laboratoriyalarda aparacağınız təcrübələr nəticəsində siz gələcəkdə elmi araşdırmalarla da tanış olacaqsız".

 

Sonda final mərhələsinin I hissəsində iştirak edən 15 komandanın tərkibindəki 45 şagirdə BMU tərəfindən sertifikatlar təqdim olunub. 

 

Qeyd edək ki, müsabiqənin final mərhələsinin II hissəsində şagirdlər ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirəcəklər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib elan olunacaq.  

Müəllif | Apa.Tv
Almaz Qasımova