Fransada qatarla məktəb avtobusu toqquşub - 4 ÖLÜ, 19 YARALI
Fransanın cənubundakı Miyya kommunasının Perpinyan şəhərində qatar məktəb avtobusunu vurub. APA TV "Frans Press" agentliyinə istinadən xəbər verir ki, qəza zamanı 4 nəfər ölüb.
Məlumata görə, daha 19 nəfər isə xəsarət alıb. Onlardan 11-nin vəziyyətinin ağır olduğu açıqlanıb. Perpinyan və Villfranş şəhərlərini birləşdirən dəmir yolu xətləri sıradan çıxıb. Zərbənin təsirindən iki hissəyə bölünən avtobusda 13-17 yaşları arasında 20-dək şagirdin olduğu qeyd edilir. Toqquşma zamanı içərisində təxminən 25 nəfərin olduğu qatarda da 3 nəfər yüngül xəsarət alıb.
Qatarın məxsus olduğu dəmir yolu şirkətinin rəsmilərinin açıqlamasına görə, qatar həmin vaxt 80 km/saat sürətilə hərəkət edirmiş. Avtobusla toqquşmanın baş verdiyi keçid məntəqəsi isə bağlı olsa da, avtobusu idarə edən qadın sürücü buna məhəl qoymayıb.
Polis hazırda ölən və yaralananların şəxsiyyətini dəqiqləşdirməyə və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.