Lerikdə xizək sürərkən yıxılan 12 yaşlı oğlan öldü
Lerikdə yıxılaraq xəsarət alan 12 yaşlı uşaq dünyasını dəyişib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl rayonun ucqar dağ kəndi olan Qələsər kəndində qeydə alınıb.
Kənd sakini 12 yaşlı Orxan İsgəndərov qarda xizəklə sürüşərkən müvazinətini itirib və yüksəklikdən yıxılıb. Yıxıldıqdan sonra onun başı daşa dəyib.
O.İsgəndərov əvvəlcə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin travması alan yeniyetmə bir neçə gün həkim nəzarətində olsa da, ötən gün axşam saatlarında dünyasını dəyişib.