Gərginlik ən yüksək həddə çatır - BMT-DƏ ABŞ-İRAN DUELİ
"ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.
"İrana qarşı və rəsmi Tehranın etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız" - deyə, N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
O, növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə "aqressiv davranış" nümayiş etdirməkdə ittiham edib. Diplomat əlavə edib ki, İran nüvə sazişinin arxasında gizlənərək və BMT TŞ-nin müvafiq qətnamələrini pozaraq raket istehsal edir. "Hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir. Nüvə sazişi vacibdir, lakin BMT TŞ-nin qərarları da mühümdür" - deyə, o qeyd edib.
Bu arada İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayıb. Bəyanatda Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan alınmasına dair ABŞ-ın ittihamları təxribatçı və destruktiv adlandırılır.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən raketin qalıqlarını təqdim edib.
İran tərəfi nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirib.