Neftin qiyməti 63-64 dollar arasında dəyişir - ABŞ-IN BAZARA TƏZYİQİ DAVAM EDİR
Dünya bazarında xam neftin qiymətlərində bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 60 sent bahalaşaraq 63,40 dollardan satılır. Qərbi Texas nefti isə 57,20 dollardan təklif olunur. OPEK və Rusiya başda olmaqla qeyri-kartel ölkələrinin neftin istehsalını azaltmaqla qiymətləri bahalaşdırmaq siyasəti öz effektini tam göstərmir. Hesabatlardan məlum olur ki, dünya ölkələrinin neft ehtiyatları azalır. OPEK-in anlaşması ilə bu proses davam edəcək. Bununla belə qiymətlər gözlənilən səviyyəyə qalxmır.
Qiymətlərin yüksəlməsini tormozlayan əsas səbəb ABŞ-dan qaynaqlanır. OPEK istehsalın azaldılmasını 2018-ci ilin sonuna qədər uzadarkən, gələn il ABŞ-da gündəlik istehsal 10 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatacaq. Bu isə qiymətlərin ucuzlaşacağı deməkdir.
Yaxın Şərqdə və yaxud istənilən neft hasilatçısı olan ölkədə müharibə və sabitliyin pozulması kimi hal baş verməsə qiymətlərin 70 dollara çatması barədə ümidlər özünü doğrultmayacaq.